DÜNYA
Avstriya paytaxtında səhiyyə sektorunda yenidən məhdudiyyətlər tətbiq olunacaq
Vyana, 7 iyul, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin demək olar ki, tam aradan qaldırıldığı bir dövrdə Avstriya paytaxtında yenidən bir sıra sərtləşmələr qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Vyana şəhərinin meri Mixael Ludviq məlumat verib. O bildirib ki, hazırda artan yoluxma halları səhiyyə sahəsində bir sıra məhdudiyyətlərin yenidən tətbiq olunmasını zəruri edir. Onun sözlərinə görə, xəstəxana və ahıllar evlərində çalışan tibbi heyəti qorumaq üçün FFP2 maskalarından istifadə məcburi olacaq, eyni zamanda xəstə və ahıllar evi sakinlərinə baş çəkənlərin sayına limit tətbiq ediləcək.
M.Ludviq qeyd edib ki, məhdudiyyətləri yeni dalğanın pik dövründə tətbiq etməkdənsə, indidən önləyici tədbirləri görmək daha məqsədəuyğun hesab edilir. Yay mövsümü ilə əlaqədar əhalinin səyahət intensivliyi artıb və bu da yoluxmaların artacağına və xəstəxanaların yüklənəcəyinə erkən işarədir.
Merin sözlərinə görə, pandemiya başlayandan iyul ayında yoluxmaların dalğa halına gəlməsi yeni bir vəziyyətin yarandığını göstərir. Payızda gözlənilən vəziyyətin indidən müşahidə olunması adekvat addımların atılmasını tələb edir və avqust ayında belə addımların atılması mümkündür.
Qeyd edək ki, iyulun 7-də Avstriya üzrə koronavirusa yoluxanların sayı 11971 nəfər olub, hazırda hospitalizasiya sayı 1024 nəfərdir. Yay mövsümündə yoluxmaların artımı ekspertləri həyəcan təbili çalmağa məcbur edib. Hələlik isə yalnız paytaxt Vyanada məhdudlaşdırıcı addımlar atılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana