DÜNYA


Avstriya qonşu dövlətlərlə sərhəd nəzarətini daha altı ay müddətinə uzadacaq

Vyana, 11 oktyabr, AZƏRTAC

Avstriya hökuməti Sloveniya və Macarıstan ilə sərhəd nəzarətinin müddətini daha altı ay uzadacaq.

AZƏRTAC xəbər verir ki, hökumətin bu barədə rəsmi mövqeyini Daxili İşlər Nazirliyi məktubla Brüsselə göndərib. Aİ Şurası, Avropa Komissiyası və Parlamentinə ünvanlanan məktubda bu il noyabrın 11-də başa çatmalı olan sərhəd nəzarətinin yuxarıda qeyd edilən iki ölkə ilə yarım il müddətinə uzadılması qeyd edilib. Həmçinin bildirilib ki, ölkə digər qonşu dövlətlərlə konkret vəziyyət tələb edərsə, sərhəd nəzarətini tətbiq etməyi nəzərdən keçirəcək. Nazirlik bu qərarın Avropaya qeyri-leqal miqrasiya problemlərinin hələ də yetərincə öz həlini tapmaması ilə əsaslandırıb.

Sərhəd nəzarətinin bərpa edilməsi Avstriyadan sığınacaq istəyən qaçqınların sayına da təsirsiz ötüşməyib. Bu ilin ilk səkkiz ayında 9337 nəfər Avstriyaya sığınacaq üçün müraciət etdiyi halda, ötən ilin müvafiq dövründə bu göstərici iki dəfə çox olmuşdu.

Avstriya Şengen məkanında yerləşən qonşu ölkələrlə sərhəd nəzarətini 2015-ci ildə bərpa edib. Həmin ilin ilk səkkiz ayında ölkədə sığınacaq üçün ərizə verən şəxslərin sayı bu illə müqayisədə 5 dəfə çox – 46144 nəfər olmuşdu.

Avstriya hökumətinin mövqeyi qonşu Sloveniya tərəfindən tənqid olunmaqla yanaşı, Avropa Komissiyası tərəfindən də müsbət qarşılanmayıb. Aİ-nin miqrasiya məsələləri üzrə komissarı bütün üzv dövlətləri mümkün qədər qısa zamanda daxili sərhədlərdəki sərhəd nəzarətini ləğv etməyə və Şengen məkanının normal funksiyasına geri dönməyə çağırıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.