DÜNYA
Avstriya qonşu ölkələrlə sərhəd nəzarətinin müddətini uzadıb
Vyana, 11 noyabr, AZƏRTAC
Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində Avstriya Şərqi Avropa qonşuları Slovakiya, Macarıstan və Sloveniya ilə sərhəd nəzarətinin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriya Daxili İşlər Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, sentyabr ayından qüvvədə olan sərhəd nəzarəti Slovakiya ilə dekabrın 12-dək, digər iki ölkə ilə isə gələn il may ayının ortalarına kimi qüvvədə qalacaq. Daxili işlər naziri Qerhard Karner bildirib ki, sərhəd nəzarəti insan qaçaqlığı və qanunsuz miqrasiyaya qarşı ardıcıl mübarizənin tərkib hissəsidir.
Diqqətə çatdırılıb ki, Şengen məkanı daxilində sərhəd nəzarəti qarşılıqlı qaydada daxili işlər nazirlikləri arasında uzlaşdırılmış şəkildə aparılır və Avropa Komissiyasına bu barədə müvafiq məlumat verilib. Eyni zamanda Almaniya, Danimarka və Fransanın da sərhəd nəzarətini həyata keçirməsi məsələnin aktuallığını büruzə verir.
Qeyd edilməlidir ki, Şengen məkanına daxil olan ölkələr bu məkana daxil olan digər ölkələrlə sərhəd nəzarətini yalnız ictimai asayişə və ölkənin daxili təhlükəsizliyinə ciddi təhdid olduğu halda maksimum 6 ay müddətinə tətbiq edə bilər. Müddətin uzadılması isə yalnız təhdidin hələ də mövcudluğuna dair tutarlı dəlillər əsasında mümkündür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana