DÜNYA


Avstriya rəsmiləri Slovakiyanın kütləvi testlərlə bağlı təcrübəsində maraqlıdırlar

Vyana, 14 noyabr, AZƏRTAC

Avstriya Federal Kansler Aparatının, eləcə də Müdafiə və Səhiyyə nazirliklərinin yüksək çinli məmurları Slovakiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən kütləvi testlərlə bağlı təcrübə ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Slovakiya tərəfi antigen testləri əsasında aparılan ümumölkə aksiyasının hazırlanması, təşkili və effekti barədə ətraflı məlumat verib. Slovakiyanın Səhiyyə üzrə dövlət katibi Yana Yezikova bildirib ki, ölkəsində testlərin epidemioloji vəziyyətə effekti yüksək qiymətləndirilir. Kütləvi testlər əhali arasında yeni yoluxma hallarının yavaşladılması istiqamətində açar element rolunu oynayır. Artıq iki həftəsonunda aparılan testlər nəticəsində minlərlə insan ev karantininə göndərilib və bu yolla da əhali arasında potensial yoluxma hallarının qarşısı alınıb.

Qeyd edək ki, Slovakiya hökuməti artıq iki dəfə yaşı 10-65 arasında olan ölkə əhalisinin kütləvi testlərdən keçməsini təmin edib. Hökumət kütləvi testlər sayəsində əldə edilən müsbət təcrübə əsasında bu tədbirlərin yaxın müddətdə təkrarlanacağını və mütəmadi xarakter almalı olduğunu bəyan edib. Baş nazir İqor Matoviç Avropada ilk dəfə Slovakiyada tətbiq edilən bu metodun yaxın müddətdə digər ölkələr üçün də örnək olacağına inam ifadə edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.