DÜNYA
Avstriya səyahət xəbərdarlığı elan edilən ölkələrin siyahısını genişləndirib
Vyana, 25 sentyabr, AZƏRTAC
Avstriya hökuməti koronavirus pandemiyasının müxtəlif ölkələrdə sürətlə yayılmasını nəzərə alaraq, səyahət xəbərdarlığı edilən ölkə və regionların siyahısında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-dən etibarən Çexiyanın paytaxtı Praqa, Fransanın paytaxtı Paris şəhərinin daxil olduğu İll-de-Frans və Provans-Alp-Kot-d’Azur regionları, Argentina, Bəhreyn, Kosta Rika, İsrail, Küveyt və Maldiv adaları ilə bağlı ən yüksək (6-cı pillə) səyahət xəbərdarlığı qüvvəyə minəcək. Bu xəbərdarlığa əsasən həmin ölkə və regionlardan Avstriyaya dönən şəxslər mənfi PCR testi təqdim etməli və ya iki həftəlik ev karantininə razı olmalıdırlar.
Eyni zamanda hökumət bir sıra yüngülləşdirmələr barədə də qərar verib. Bir neçə aydan bəri İsveçlə bağlı qüvvədə olan səyahət xəbərdarlığı ləğv edilib, Portuqaliyada isə Lissabon və Norte istisna olmaqla bütün ölkə üzrə xəbərdarlıq aradan qaldırılıb.
Hazırda səyahət xəbərdarlığı elan edilən ölkələr siyahısında 37 ölkə yer alır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana