ELM VƏ TƏHSİL
Avstriya şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində daha bir laboratoriya stendi açıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Avstriyanın “Herz Armaturen” şirkəti tərəfindən bu ali təhsil ocağına hədiyyə edilmiş laboratoriya stendinin açılışı olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində “Herz Armaturen” şirkətinin prezidenti Gerhard Glinzerer, Avstriyanın ölkəmizdəki səfirinin müavini, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri və əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova sözügedən şirkətlə ikitərəfli əlaqələrin faydalı əməkdaşlığa çevrildiyini deyib. Rektor şirkətin AzMİU-nun maddi-texniki bazasının möhkəmlənməsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, laboratoriya stendinin universitet, eləcə də su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb və buna görə qonaqlara dərin təşəkkürünü bildirib.
Gerhard Glinzerer AzMİU ilə qurulan işgüzar əlaqələrin Azərbaycan ilə Avstriya arasındakı əməkdaşlığa, dostluğa mühüm töhfə verdiyini qeyd edib. O, şirkətin öz fəaliyyətində beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiyini, bu istiqamətdə təhsilin prioritet olduğunu, AzMİU-da gördükləri işin onlar üçün böyük önəm daşıdığını diqqətə çatdırıb. Şirkət rəhbəri əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün lazımi kömək göstərəcəklərini bildirib.
Universitet rəhbərliyi və qonaqlar laboratoriyada avadanlıq və stendlə tanış olublar. Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov laboratoriya barədə məlumat verib. Qeyd edilib ki, açılışı olan stend “Herz Armaturen” şirkətinin universitetə hədiyyə etdiyi 4-cü stenddir. O, stendin istilik sistemlərinin quraşdırılması istiqaməti üzrə mütəxəssis hazırlığı işində böyük yardımçı olacağını vurğulayıb, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.