DÜNYA
Avstriya və Türkiyə arasında diplomatik gərginlik azalır
Vyana, 9 mart, AZƏRTAC
Təxminən iki il davam edən siyasi gərginliyin ardınca Türkiyə və Avstriya arasında diplomatik münasibətlərdə yaxınlaşma başlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun avstriyalı həmkarı Karin Knaysslın dəvəti ilə Avstriyaya səfəri mediada iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılacağına işarə kimi səciyyələndirilib.
AZƏRTAC xəbər verir ki, martın 8-də baş tutan səfər zamanı ikitərəfli məsələlərlə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər birgə mətbuat konfransında ikitərəfli tədbirlərin genişləndirilməsi barədə razılıq əldə olunduğunu qeyd ediblər, lakin bu tədbirlərlə bağlı jurnalistlərin suallarını cavabsız buraxıblar.
M.Çavuşoğlu Türkiyənin Avropa İttifaqına üzvlüyə qəbulu ilə bağlı danışıqlar prosesinə Avstriyanın Aİ-yə bu ilin ikinci yarısında sədrliyi dövründə “vicdanlı, obyektiv və ədalətli” yanaşılacağına ümidvar olduğunu bildirib. Türkiyənin terrora qarşı apardığı mübarizəyə etirazlara münasibət bildirən türk diplomat terrorçuların Avropada özlərini cənnətdə hiss etməməli olduqlarını, onlara hər yerdə eyni münasibətin göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, iki il öncə Avstriya hökumətinin Türkiyənin Avropa İttifaqı üzvlüyünə danışıqlar prosesinin dayandırılması çağırışından sonra bu iki ölkə arasında diplomatik münasibətlər gərginləşmiş, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər dayandırılmışdı. Ötən ilin payızında Avstriyada yeni hökumət seçildikdən və şərqşünas Karin Knayssl xarici işlər naziri təyin edildikdən sonra iki ölkə arasında gərginliyin azalması üçün imkanlar yaranıb. Bu il yanvarın 26-da Türkiyədə rəsmi səfərdə olan K.Knaysslın ardınca M.Çavuşoğlunun Avstriyaya səfəri Ankara-Vyana münasibətlərinin yaxınlaşması üçün yeni dönəmin başlayacağını ehtimal etməyə əsas verir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana