DÜNYA
Avstriyada 1800 məktəb sinfi distant təhsilə keçsə də, heç bir məktəbdə tədris dayanmayıb
Vyana, 22 yanvar, AZƏRTAC
Avstriyada koronavirusa yoluxma hallarının gündəlik statistikası 25 mindən yuxarıdır və yoluxmalar tədris prosesindən də yan keçmir.
AZƏRTAC xəbər verir ki, hazırda ölkədə 1800 məktəb sinfi yoluxmalarla əlaqədar distant təhsilə keçməli olub. Təhsil Nazirliyindən bildirilib ki, ölkə üzrə yüksək sayda siniflər distant təhsilə keçsələr də, heç bir məktəb koronavirusa görə bağlanmayıb və tədris prosesi davam edir.
Nazirliyin açıqlamasına görə, 1,14 milyon şagirdin təhsil aldığı məktəblərin heç birinin koronavirus səbəbindən bağlanmaması indiyədək aparılan uğurlu test strategiyasından qaynaqlanır. Qaydalara əsasən, hansısa bir sinifdə bir uşaq koronavirusa yoluxduqda, həmin uşaq dərsdən təcrid edilərək ev karantininə göndərilir, tədris isə davam edir və beş gün ərzində bütün sinif uşaqları test edilir. Həmin dövr ərzində yeni yoluxma halları aşkarlandıqda, bütün sinif distant təhsilə keçir.
Avstriyanın bütün əyalətlərində məktəblərdə hər həftə intensiv (həftənin 2-3 günü) testlər aparılır və bu da yoluxma hallarını erkən aşkarlamağa kömək edir. Lakin ölkə üzrə yoluxmaların artımı fonunda əhalinin digər qruplarının da test imkanından yararlanması test laboratoriyalarının yüklənməsinə səbəb olub. Təhsil Nazirliyi müqavilə əsasında testlərin yoxlanışını vaxtında həyata keçirməyə cavabdeh olan laboratoriyaların gecikmə və ya ümumiyyətlə, nəticələri təqdim etməmə kimi hallara yol verəcəkləri halda, onlara qarşı hüquqi vasitələrdən istifadə ediləcəyini açıqlayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana