DÜNYA
Avstriyada Nazirlər Kabineti istefa verib
Vyana, 17 oktyabr, AZƏRTAC
Avstriyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra ənənəvi olaraq ölkənin federal hökuməti tam tərkibdə istefa verib.
Formal xarakter daşıyan rəsmi mərasimdə Avstriya Prezidenti Aleksander Van der Bellen hökumətin istefasını qəbul edib və eyni zamanda, yeni hökumət təşkil olunana kimi nazirlərin öz səlahiyyətlərini davam etdirmələri barədə sərəncam verib.
Oktyabrın 19-da parlament seçkilərinin yekun nəticələri rəsmi şəkildə elan olunduqdan sonra konstitusiyaya uyğun olaraq dövlət başçısı yeni hökuməti təşkil etmək üçün danışıqlara başlamağı seçkilərdə qalib gəlmiş mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyasının rəhbəri Sebastian Kurtsa həvalə edəcək.
S.Kurts isə mətbuata verdiyi açıqlamada siyasi görüşündən asılı olmayaraq, koalisiya danışıqlarını bütün siyasi düşərgələr ilə aparacağını elan edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana