DÜNYA


Avstriyada fəaliyyət göstərən QHT-lər islamofobiya xarakterli fikirlərinə görə vitse-spikerin istefasını tələb ediblər

Vyana, 30 iyun, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı bu ölkə parlamentinin sədr müavini, Avstriya Azadlıq Partiyasının rəhbəri Norbert Hoferin istefasını tələb ediblər.

AZƏRTAC xəbər verir ki, parlamentin binası qarşısında baş tutan etiraz aksiyasında tədbir iştirakçıları N.Hoferi islamofobiyada ittiham edərək, onun tutduğu vəzifədən azad edilməsini istəyiblər.

Otuzadək təşkilatın adından yayımlanan birgə bəyanatda bildirilib ki, bir neçə həftə öncə N.Hoferin İslam dininə qarşı işlətdiyi ifadələr bu il 100 illiyi qeyd olunan Avstriya Konstitusiyasına hörmətsizlikdir və İkinci Dünya müharibəsindən bəri hələ də mövcud olaraq qalan faşist düşüncəsinin bariz nümunəsidir.

Qeyd edilib ki, “Quran koronavirusdan da təhlükəlidir” ifadəsini işlədən və bir neçə gün sonra televiziyadakı çıxışında bu ifadəni səhvən demədiyini vurğulayan bir şəxsin Avstriya dövlətində yüksək vəzifə tutması demokratiya, parlamentarizm və dövlətin nüfuzu adına ləkədir. Avstriyada yaşayan 800 mindən artıq müsəlmanın müqəddəs kitabının bu cür təhqir olunmasının cəmiyyətdə qütbləşmənin yaranmasına cəhd göstərilməsinə və islamofob çıxışlarla ksenofobiyanın yayılmasına yol açdığı vurğulanıb və bu kimi meyillərə hüquqi dövlətdə yer olmadığı bildirilib.

Aksiyanın sonunda Avstriyanın siyasi səhnəsi üçün qara ləkə olan bu hadisəyə görə parlamentin binası önünə qara çələng qoyulub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.