DÜNYA


Avstriyada federal kansler vəzifəsindən istefa verib

Vyana, 2 dekabr, AZƏRTAC

Avstriyanın Federal Kansleri Aleksander Şallenberq tutduğu vəzifədən istefa verib. Hökumət rəhbəri gözlənilməz qərarını izah edərkən bildirib ki, onun hədəfi hökumətə və Avstriya Xalq Partiyasına eyni vaxtda rəhbərlik etmək olmayıb: “Əminəm ki, hər iki vəzifə - hökumət başçısı və Avstriyanın seçkilərdə ən çox səs qazanan partiyasının sədri vəzifələri ən qısa zamanda bir şəxsin timsalında birləşəcəkdir”.

AZƏRTAC xəbər verir ki, sabiq hökumət rəhbəri, hazırda parlamentdə Avstriya Xalq Partiyası (ÖVP) fraksiyasının sədri Sebastian Kurts siyasətdən getdiyini açıqladıqdan sonra hökumətdə dəyişikliklərin baş verəcəyi gözlənilirdi. S. Kurts bu ilin oktyabr ayında Federal Kansler vəzifəsindən istefa verdikdən sonra parlamentə keçmiş, xarici işlər naziri Aleksander Şallenberq Federal Kansler vəzifəsini öz üzərinə götürmüşdü. O, bu addımını federal hökumətin gərgin dövründə siyasi boşluğa yol verməmək üçün atdığını və Federal Kansler vəzifəsini qəbul etdiyini bildirmişdi.

A.Şallenberq bəyanatında qeyd edib ki, ÖVP daxilində tutduğu posta müvafiq kadr müəyyənləşən kimi öz vəzifəsindən geri çəkiləcəkdir.

Siyasi ekspertlərin rəyinə görə, hazırda Federal Kansler postuna ən real namizəd daxili işlər naziri Karl Nehammer hesab olunur. O, miqrasiya və qaçqınlarla bağlı siyasətdə tutduğu mühafizəkar mövqeyi ilə tanınır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.