CƏMİYYƏT
Avstriyada hər il orta hesabla 41 min nəfərdə xərçəng xəstəliyi aşkar edilir
Vyana, 5 fevral, AZƏRTAC
Dünya Xərçənglə Mübarizə Günü münasibətilə Avstriya Federal Səhiyyə Nazirliyi ölkədə xərçəng xəstəliyi ilə bağlı statistik göstəriciləri açıqlayıb.
AZƏRTAC nazirliyin məlumatına istinadən xəbər verir ki, hər il bu ölkədə 41 min nəfərə xərçəng xəstəlikləri diaqnozu qoyulur, 20 min pasiyent isə bu xəstəliklərdən dünyasını dəyişir. Bununla da Avstriyada ölüm hallarının dörddəbiri xərçəng xəstəliklərinin payına düşür və qan-damar xəstəliklərindən sonra bu ölkədə ən geniş yayılmış xəstəlik sayılır.
Bununla belə pasiyentlərin sağalma və ömür həddinin uzadılması da qeydə alınıb. 1989-cu ildə prostat xərçəngi müəyyən edilən xəstələrin 74 faizi diaqnoz qoyulduqdan sonra 5 ildən artıq ömür sürürdüsə, 2013-cü ildə bu rəqəm 92 faizə yüksəlib. Qadınlarda ən geniş yayılmış döş vəzi xərçəngində müvafiq göstəricilər 1989-cu ildə 74 faizdən 2013-cü ildə 87 faizədək yüksəlib.
Xərçəng xəstəliyi bəşəriyyətin ən qorxunc bəlaları sırasında dayansa da, müasir təbabətdə xəstəliyin vaxtında aşkarlanması, yeni müalicə üsulları və yeni dərmanlar bu xəstəliyə qarşı effektiv mübarizə aparmağa şərait yaradır. Hətta bir çox həkimlər hazırkı dövrü xərçənglə mübarizənin “qızıl dövrü” də adlandırırlar.
Avstriyanın tanınmış onkoloqu Xristof Tsielinski Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə bildirib ki, hazırda pasiyentlər üçün təqdim edilən orqanizmin immun müdafiəsini gücləndirən müalicə üsulları xəstəliyə qarşı mübarizənin effektivliyini artıra bilir. Aparılan müalicə sayəsində orqanizmin müqaviməti aktivləşir və bədəndəki sağlam hüceyrələr xərçəng hüceyrələrinə “hücum” edərək, onları zərərsizləşdirirlər. Hazırda bu üsuldan on beşədək müxtəlif xərçəng xəstəliyinin müalicəsi zamanı uğurla istifadə edilir.
Fevral ayında “Xərçəngli həyat” ictimai təşkilatının dəvəti ilə Vyanada keçiriləcək Beynəlxalq konfransda bu xəstəliyə qarşı mübarizə ilə yanaşı, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması yolları da müzakirə ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana