DÜNYA


Avstriyada hər yeddi nəfərdən biri həddən artıq alkoqol qəbul edir

Vyana, 11 may, AZƏRTAC

Avstriyada hər yeddi nəfərdən biri həddən ziyadə alkoqol qəbul edir. Bu barədə məlumat 2018-ci il üzrə “Narkotiklər hesabatı”nda yer alıb.

AZƏRTAC xəbər verir ki, əslində narkotik vasitələrin istehlakı barədə statistik məlumatları əks etdirməli olan hesabatda müəlliflər daha mühüm bir faktı aşkarlayıblar. Avstriya Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında müəyyən edilib ki, ölkədə yaşı 15-dən yuxarı olan kişilər il ərzində orta hesabla 18,8 litr, qadınlar isə 6,2 litr təmiz alkoqol qəbul edirlər. Qeyd edilməlidir ki, bu göstəricilər 2017-ci ildə müvafiq olaraq 18,48 litr və 5,75 litr olub.

Müəlliflər hesabatı şərh edərkən bildiriblər ki, hazırda Avstriyada hər yeddi şəxsdən biri, yəni 1,24 milyon insan alkoqollu içkiləri sağlamlığa ciddi zərər vuracaq miqdarda qəbul edir. Hesabatda, həmçinin 36500 nəfərin narkotik vasitələrdən riskli səviyyədə istifadə etməsi də əksini tapıb.

Hesabatda nikotin istifadəsi ilə bağlı ölkədə vəziyyətin nisbətən yaxşılaşması qeyd olunub. Lakin bununla belə Avstriyada qadınların 22 faizinin siqaret çəkdiyi, bununla da ölkənin Avropada birinci yerdə dayandığı bildirilir (Aİ-də orta göstərici 16 faiz). Kişilərin də 27 faizi nikotin istifadəçisidir və bu göstərici orta Aİ rəqəmlərindən (23 faiz) yüksəkdir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.