DÜNYA
Avstriyada kiçik və orta müəssisələrdə ixtisaslı kadr çatışmazlığı mövcuddur
Vyana, 14 mart, AZƏRTAC
Avstriyada kiçik və orta sahibkarlıq müəssisələrində ixtisaslı kadr çatışmazlığı ölkə iqtisadiyyatı üçün problemə çevrilib.
AZƏRTAC xəbər verir ki, “Ernst & Young” beynəlxalq audit şirkətinin Avstriya nümayəndəliyi ölkə üzrə 900 müəssisədə sorğu aparıb. Sorğunun nəticələrinə görə, ölkədə kiçik və orta müəssisələrin inkişafı və dövriyyənin artması üçün kifayət qədər ixtisaslı kadrlar çatışmır, bu da öz növbəsində ölkə iqtisadiyyatına zərbə vurur. Müəssisələrin 69 faizi ixtisaslı kadrların işə cəlb olunmasını hazırda müəssisənin inkişafında ən böyük risk kimi qiymətləndiriblər.
2015-ci ildə şirkətlərin 15 faizi ixtisaslı kadrların işə götürülməsində böyük problemlər yaşadıqlarını qeyd etdikləri halda, hazırda bu göstərici 30 faizə yüksəlib. Bir tərəfdən gənclər arasında peşəyönümlü ixtisaslara marağın yüksək olmaması, digər tərəfdən isə ölkənin miqrasiya qanunlarının sərtliyi əmək bazarında ixtisaslı kadrların sayının artmasına əngəl törədir.
Bununla belə rəyi soruşulan şirkətlərin 32 faizi ixtisaslı işçi tapacaqları təqdirdə, ən qısa zamanda yeni iş yerləri açmağa hazır olduqlarını da ifadə ediblər.
Orta müəssisələrin təmsilçiləri sorğuda iş saatlarının çevik tənzimlənməsi, əmək bazarının ixtisaslı miqrantlar üçün açılması və peşəyönümlü təhsil üçün maarifləndirmə kampaniyalarının aparılması istiqamətində dövlət tərəfindən müvafiq addımların atılmasını arzulayıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana