DÜNYA
Avstriyada koronavirus infeksiyasına yoluxanların ehtimal olunan sayı açıqlanıb
Vyana, 10 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının yayıldığı ilk dövrlərdən dünyanın müxtəlif ölkələrində tətbiq olunan test üsulları, testlərin az və çox sayda aparılması, eləcə də rəsmi yoluxma sayı və ehtimal olunan say arasında fərq müzakirə mövzusudur. Bir çox ölkədə aparılan testlər əsasında əldə olunan rəsmi statistikadan kənarda qalan ”kölgə rəqəmlərinin” yüksək olduğu ehtimal olunur.
AZƏRTAC xəbər verir ki, Avropada ilk dəfə olaraq Avstriyada koronavirus infeksiyasına yoluxanların ehtimal olunan sayı müəyyən edilib. Avstriyanın Federal Elm və Təhsil nazirliyinin “SORA“ Elmi Tədqiqatlar İnstitutuna sifarişi əsasında hazırlanan araşdırmada ölkə üzrə müxtəlif meyarlar əsasında kompüter proqramı tərəfindən təsadüfi seçilmiş 1544 şəxs üzərində test aparılıb.
Araşdırmanı mətbuata təqdim edən nazir Haynts Fassmann bildirib ki, aprelin 1-dən 6-dək seçilmiş şəxslər arasında müəyyən edilən yoluxma sayı ölkənin ümumi əhalisinin sayına proyeksiya edilib. Hazırda rəsmi şəkildə ölkədə on üç mindən artıq yoluxma halı mövcuddursa, ehtimal olunan yoluxma sayı 28500-ə bərabərdir. Bu isə ölkə əhalisinin 0,33 faizi deməkdir.
Nazir bildirib ki, bu araşdırmanın nəticəsi tətbiq olunan məhdudlaşdırıcı rejimin və görülən tədbirlərin forma, sərtlik dərəcəsi və müddətini müəyyən etməkdə rəsmi qurumlara əlavə məlumat mənbəyi kimi xidmət edəcəkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana