DÜNYA


Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Vyana, 19 may, AZƏRTAC 

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ölkədə növbədənkənar seçkilər keçiriləcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə bağlı sensasiyalı videomaterial mətbuatda yayımlandıqdan sonra ölkədə siyasi böhran yaranıb. Vitse-kansler H.K. Ştraxe tutduğu bütün siyasi vəzifələrdən istefa verdikdən sonra koalisiyalı hökumətin işini davam etdirilməsi ilə bağlı Avstriya Xalq Partiyası (ÖVP) və Avstriya Azadlıq Partiyası (FPÖ) arasında danışıqlar nəticəsiz başa çatıb.

Axşam saatlarında mətbuat qarşısına çıxan federal kansler və Avstriya Xalq Partiyasının sədri Sebastian Kurts mövcud şərtlər altında hazırkı hökumətin işini davam etdirməsinin qeyri-mümkün olduğunu bildirib. Sağçı-radikal düşərgəni təmsil edən FPÖ təmsilçilərinin son aylar və həftələrdə ÖVP-nin siyasi kursu ilə uzlaşmayan rəftar və çıxışları, son olaraq isə vitse-kanslerlə bağlı qalmaqallı videonun gündəmə gəlməsinin əməkdaşlığı dayandırmağa səbəb olduğunu qeyd edən S. Kurts dövlət başçısı Aleksander Van der Bellenə ən yaxın zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etdiyini bildirib.

Axşam saatlarında Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ölkədəki siyasi böhranla bağlı mətbuat açıqlaması verib. O, federal kanslerin təklifini qəbul etdiyini elan edib və vətəndaşlarda ölkə siyasətçilərinə qarşı etimadın bərpa olunması üçün əllərindən gələni edəcəklərini ifadə edib.

Qeyd edək ki, H.K.Ştraxe və rəhbəri olduğu partiyanı çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə H.K.Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alır. H.K.Ştraxe ilə bərabər həmin videoda yer alan FPÖ partiyasının parlament fraksiyasının rəhbəri Yohann Qudenus da bütün siyasi vəzifələrindən istefa verib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.