DÜNYA


Avstriyada növbəti prezident seçkiləri oktyabrın 9-da keçiriləcək

Vyana, 7 iyul, AZƏRTAC

Avstriyada növbəti prezident seçkiləri bu il oktyabrın 9-da keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Avstriya Parlamentinin Əsas komissiyası seçki tarixini təsdiqləyib. Səsvermədə parlamentdə təmsil olunan bütün fraksiyalar qərarın lehinə səs veriblər.

Federal hökumət ötən ay seçki üçün tarixi müəyyən etsə də, qərarın qanuni qüvvəyə minməsi üçün parlamentin qərarı lazım idi. Eyni zamanda avqustun 9-dan etibarən namizədlər imzatoplama kampaniyasına start verə bilərlər. Seçkiyə namizəd kimi qatılmaq üçün azı 6 min nəfərin imzasına ehtiyac var.

Seçkilərdə namizədlərdən heç biri ilk turda tələb olunan 50 faizlik həddi keçə bilməsə, ən yüksək faiz toplamış iki namizəd arasında mübarizə noyabrın 6-da keçiriləcək ikinci turda davam edəcək.

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen payızda keçiriləcək prezident seçkilərində ikinci dəfə namizədliyini irəli sürəcəyini artıq elan edib. Seçkilərdə öz namizədi ilə iştirak etməkdə qərarlı olan Avstriya Azadlıq Partiyası (FPÖ) hələlik namizədin adını açıqlamayıb. Radikal müxalifət qüvvəsi sayılan FPÖ istisna olmaqla, Avstriya parlamentində təmsil olunan bütün siyasi qüvvələr A.Van der Bellenin təkrar namizədliyini dəstəkləyəcəklərinə dair siqnallar veriblər.

Seçkilərə qatılacağını elan edən digər namizədlərin şansları isə yoxdur və yalnız populyarlıq qazanmağa xidmət edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.