DÜNYA


Avstriyada parlament seçkilərində rekord sayda siyasi qrup iştirak edəcək

Vyana, 23 avqust, AZƏRTAC

Oktyabrın 15-də Avstriyada keçiriləcək növbədənkənar parlament seçkilərində ölkə tarixi üçün rekord sayda – 16 siyasi qrup mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriya Daxili İşlər Nazirliyi seçkilərdə iştirak edəcək partiyaların qeydiyyatı başa çatdıqdan sonra yayıb.

Hazırda parlamentdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ), Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Azadlıq Partiyası (FPÖ), NEOS və Yaşıllar Partiyası ilə yanaşı, öz partiyasından ayrılmış siyasətçilərin rəhbərlik etdiyi siyahılar da seçkilərdə iştirak edəcəklər. Yaşıllar Partiyasının keçmiş üzvü Peter Pilts və Avstriya Azadlıq Partiyasının üzvü Karl Şnell rəhbərlik etdikləri siyahılarla seçkilərə qoşulacaqlar.

Ötən seçkilərdə iştirak edən, lakin parlamentə düşə bilməyən Avstriya Kommunist Partiyası (KPÖ), Roland Dürinqerin rəhbərlik etdiyi “GİLT” siyahısı və “Ağlar” Partiyası da bütün ölkə üzrə seçkilərə qatılacaq.

Regionlarda isə Sosialist Solçu Partiyası (SLP), Avropa İttifaqı əleyhdarı olan EUAUS və daimi yaşayış yeri olmayan şəxslərin hüquqlarını müdafiə edən “Obdachlose in der Politik” (Evsizlər siyasətdə) siyasi qrupları yalnız Vyana və Yuxarı Avstriya əyalətlərində seçicilərin rəğbətini qazanmaq niyyətindədirlər. Olduqca kiçik siyasi qrupları təmsil edən Avstriya Xristianlar Partiyası (CPÖ), “Gələcək naminə yeni hərəkat” və “Kişilər Partiyası” qruplaşmaları isə ölkənin qərbində yerləşən Forarlberq vilayətində qeydiyyatdan keçiblər.

Ölkə əhalisinin səsvermə hüququna malik 6,4 milyon nəfəri növbəti parlament seçkilərində öz siyasi seçimlərini edə biləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.