DÜNYA


Avstriyada paytaxt Vyana ilə İnnsbruk şəhərləri narıncı zona elan edilib

Vyana, 15 sentyabr, AZƏRTAC

Avstriyada koronavirus infeksiyasının sürətlə yayılmasını nəzərə alaraq, paytaxt Vyana və İnnsbruk şəhərləri narıncı zona elan ediliblər.

AZƏRTAC xəbər verir ki, qeyd edilən şəhərlərlə yanaşı Kufştayn, Dornbirn, Bludens, Mödlinq və Noynkirxen rayonları da “koronavirus işıqforu”nda narıncı rəngdə əks olunublar. Saatlarla sürən müzakirələrdən sonra ölkədəki epidemioloji vəziyyəti qiymətləndirən komissiya (mətbuatda bu komissiya işıqfor komissiyası adlandırılır) Yuxarı Avstriya və Vorarlberq federal əyalətlərində bir sıra rayonları sarı zonaya daxil edib.

Komissiyadan mətbuata verilən açıqlamada bildirilir ki, sarı zonadan narıncı zonaya keçidin əhali üçün ciddi təsiri olmayacaq və narıncı zona üçün tələb olunan məhdudiyyətlər hələlik qüvvəyə minmir. Paytaxt və bir sıra regionların narıncı zona elan edilməsi ilk növbədə əhalidə infeksiyaya yoluxma təhlükəsi ilə bağlı həssaslığı artırmağa xidmət edir.

Qeyd edilməlidir ki, Avstriyada gündəlik yoluxma halları (sentyabrın 14-də 756 fakt) digər Avropa ölkələri ilə müqayisədə çox olmasa da, yoluxmaların təxminən yarısının paytaxt Vyananın payına düşməsi rəsmi qurumları narahat edir və paytaxtda yoluxma ocaqlarının sayının artmasından ehtiyat edilir. 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.