DÜNYA
Avstriyada respublika yaradılması qərarının 100 illiyi qeyd olunub
Vyana, 22 oktyabr, AZƏRTAC
Avstriya Parlamentində 100 il bundan əvvəl monarxiya üsullu idarəetmədən respublika quruluşuna keçidlə bağlı qərarın qəbul edildiyi “Müvəqqəti Milli Məclis”in tarixi iclasına həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixçi Barbara Ştelzl-Marks tam bir əsr bundan əvvəl – 1918-ci il oktyabrın 21-də baş vermiş hadisələrə nəzər salıb, Avstriya-Macarıstan imperiyasının Reyxstaqında təmsil olunan 208 deputatın Vyanada bir araya gəldiyini və ölkənin taleyi üçün mühüm qərar qəbul etdiklərini söyləyib. Həmin iclasın gündəliyində duran yeganə məsələ ölkədə respublika üsullu idarəetməyə keçilməsi və yeni dövlətin yaradılması olub.
Birinci Dünya müharibəsində məğlub vəziyyətə düşən habsburqlar sülaləsi əhalinin güzəranının dözülməz hala çatdığı və əyalətlərdə mərkəzdənqaçan qüvvələrin fəallaşdığı imperiyada hakimiyyəti əlində saxlamaq iqtidarında deyildi və həmin hadisədən bir neçə həftə sonra ölkədə respublika elan edildi.
Bayram mərasimi ilə əlaqədar Vyana şəhərinin mərkəzindəki Heldenplatz meydanında ölkənin bütün federal əyalətlərini təmsil edən ənənəvi geyimli musiqi kapellaları və hərbçilərin iştirakı ilə parad keçirilib, respublikanın yubileyi şərəfinə yaylım atəş açılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana