DÜNYA
Avstriyada turizm müəssisələri rekord göstəricilər əldə ediblər
Vyana, 30 avqust, AZƏRTAC
Cari yay mövsümündə Avstriyanın turizm müəssisələri son 25 ilin ən yüksək göstəricilərini əldə ediblər.
AZƏRTAC xəbər verir ki, əlverişli hava şəraiti ilə əlaqədar ölkə ərazisindəki turizm müəssisələrində ümumilikdə 35,93 milyon gecələmə qeydə alınıb. Bu da 1992-ci ildən bəri ən yüksək göstəricidir. Ötən illə müqayisədə qonaqların sayı 5,7 faiz artaraq 11,84 milyon nəfər təşkil edib.
Avstriya Otelçilik Birliyinin yaydığı məlumatda qeyd edilir ki, yerli əhalidən sonra Avstriyaya üstünlük verən ölkələr siyahısına Almaniya (12,85 milyon gecələmə) başçılıq edir. Sonrakı yerdə isə Niderland, ABŞ, Çexiya və Fransa durur.
Birliyin rəhbəri Petra Noker-Şvartsenbaxer may-iyul göstəricilərini şərh edərkən bildirib ki, turizm müəssisələrinin qonaqlara təklif etdiyi münasib qiymətlər, çeviklik, mobillik, peşəkar kadrlar Avstriyanın füsunkar təbiətindən zövq almaq istəyənlərin sayına müsbət təsir edir. Əgər əlverişli hava şəraiti imkan verərsə, bu il ölkədə turist gecələmələrinin sayında yeni rekordun - 150 milyon gecələmənin əldə olunacağına ümid bəslənilir.
Qeyd edək ki, Avstriyanın turizm sektorunda 600 min işçi çalışır və ölkənin ümumi daxili məhsulunun 15 faizi bu sektorun payına düşür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana