DÜNYA
Avstriyada yay turizmində son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb
Vyana, 29 noyabr, AZƏRTAC
2018-ci ilin yay mövsümü Avstriya turizmi üçün son 25 ilin ən yüksək göstəriciləri ilə yadda qalıb. Ötən yay ölkədə hotel, pansion və tətil mərkəzlərində qeydə alınan gecələmələrin sayı ötən illə müqayisədə 2,3 faiz artaraq 76,74 milyona çatıb.
AZƏRTAC Avstriya Statistika İdarəsinə (Statistik Austria) istinadla xəbər verir ki, bu ölkədə istirahət etmək istəyənlər arasında almanlar üstünlük təşkil ediblər. Bu yay mövsümündə Almaniyadan gələn qonaqlara görə 28,57 milyon gecələmə qeydə alınıb (ötən ildən 2,6 faiz çox).
Ümumilikdə isə bu ilin may-oktyabr ayında bu ölkəyə gələn turistlərin sayı 3,1 faiz artaraq 24,67 milyon nəfərə çatıb. Turistlərin sayı artsa da, onlar bu ölkədə qaldıqları günlərin sayının mümkün qədər qısa olmasına çalışıblar. Turistlərin böyük əksəriyyətini (16,51 milyon nəfər) xarici ölkə vətəndaşları təşkil edib. Yerli turistlərin sayı isə 8,15 milyon nəfər olub. Avstriyada istirahət etməyə üstünlük verənlər arasında Almaniyadan sonra Niderland Krallığı, İtaliya, İsveçrə və Böyük Britaniya vətəndaşları dayanır.
Hər il olduğu kimi, bu yay da Tirol əyaləti turistlərin ən sevimli səyahət istiqaməti olub. Gecələmələrin 21,78 milyonu bu əyalətdəki otel və obyektlərinin payına düşüb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana