DÜNYA
Avstriyalı siyasətçi İtaliyada həbs oluna bilər
Vyana, 20 fevral, AZƏRTAC
Mayın 26-da keçiriləcək Avropa seçkiləri ərəfəsində Avstriya vətəndaşlarının Avropa İttifaqı (Aİ) və onun qurumlarından məmnunluq səviyyəsi barədə sorğu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Avrobarometr” Sosioloji Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, əhali arasında Aİ-yə rəğbət indiyədək ən yüksək həddə çatıb. Respondentlərin 40 faizi Aİ-nin ümumilikdə müsbət imicə malik olduğunu bəyan ediblər. 37 faizin bitərəf qaldığı sorğuda 22 faiz respondent Aİ-ni mənfi qiymətləndirib.
Qeyd edilməlidir ki, bu ölkədə 2013-cü ilin sonunda eyni mövzuda keçirilən sorğuda rəyi soruşulanların cəmi 25 faizi Aİ-ni müsbət qiymətləndirmişdi. Ötən Avropa seçkiləri ərəfəsində keçirilən həmin sorğuda Aİ-dən narazıların sayı 35 faiz olmuşdu.
Eyni zamanda əhalinin yaşlı təbəqəsinin özünü Aİ vətəndaşı mənsubiyyətini yüksək qiymətləndirənlərin də sayı artıb. Ənənəvi olaraq, yaşlı nəsil ümum-Avropa ideyalarına gənclərə nisbətən skeptik yanaşmasına baxmayaraq, 54 yaşadək avstriyalıların 80 faizi, yaşı 55-dən yuxarı olanların 68 faizi özünü Aİ vətəndaşı hiss etdiyini və bunu yüksək qiymətləndirdiyini bildirib.
Sorğu nəticələrini təqdim edən Avropa Komissiyasının Avstriyadakı nümayəndəliyinin təmsilçisi Haynts Miko bildirib ki, bir tərəfdən “Brexit” çərçivəsində yaranmış problemlər və Aİ ölkələrinin vahid mövqedən çıxışı, digər tərəfdən isə ötən il Avstriyanın Aİ Şurasına sədrliyi bu ölkə əhalisində müsbət əhval-ruhiyyənin formalaşmasında əsas faktorlar olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana