SİYASƏT
Avstriyanın APA agentliyində Hikmət Hacıyevin Ermənistanın növbəti hərbi təxribatı barədə bəyanatı yayılıb
Vyana, 27 sentyabr, AZƏRTAC
Avstriyanın aparıcı xəbər agentliyi olan Avstriya Mətbuat Agentliyində (APA) Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın cəbhəboyu ərazilərdə törətdiyi növbəti hərbi təxribatı barədə bəyanatı yayılıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, eləcə də çoxsaylı evlərə və mülki infrastruktura ciddi ziyan dəyib.
Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.
Qeyd edilib ki, Ermənistanın bu təxribatı beynəlxalq hüquqa, norma və prinsiplərə ziddiyyət təşkil edir, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir. Digər tərəfdən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atıb.
Yekunda qeyd edilib ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana