QAN YADDAŞI


Avstriyanın aparıcı xəbər agentliyinin saytında 20 Yanvar faciəsi barədə material yerləşdirilib

Vyana, 20 yanvar, AZƏRTAC

Avstriya Mətbuat Agentliyinin (APA) saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan, müstəqilliyə aparan yolda dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinə həsr olunmuş material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Qara Yanvar ərəfəsində cərəyan edən hadisələrə nəzər salınıb. Qeyd edilib ki, 80-ci illərin sonunda Azərbaycan xalqı sovet imperiyasından ayrılaraq müstəqilliyə can atırdı. Milli azadlıq hərəkatını beşikdə boğmağa qərar verən sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gücə Bakıya qoşun yeritdi. Dinc əhaliyə qarşı göndərilən ordu günahsız insanları qətlə yetirdi və ölənlərin bir hissəsi isə siyasi hadisələrdən kənarda olan şəhər sakinləri idi.

Sovet rejimi Bakıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliyi hər vəchlə dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, buna müyəssər ola bilmədi. Beynəlxalq mətbu orqanları və vətəndaş cəmiyyəti təşkilatları bu hadisələrin xalqın iradəsini qırmağa hesablandığını, kollektiv cəza metodu kimi tətbiq olunduğunu, lakin bununla belə sovet sistemini çökdürmə potensialı daşıdığını yazırdılar.

Məqalənin sonunda qeyd edilib ki, Azərbaycan xalqının hər il dərin kədər, eyni zamanda qürurla andığı 20 Yanvar faciəsi 70 il davam edən Sovet imperiyasının çöküşünü və Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşmasını sürətləndirdi.

Həmçinin Vyanada “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyində də Avstriyada yaşayan soydaşlarımızın iştirakı ilə faciənin otuzuncu ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə Qara Yanvar hadisələrinin qurbanları və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb, həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Avstriyada təhsil alan Fərid Quluzadə tarixi aspektdə baş vermiş hadisələri şərh edib, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi istiqamətində oynadığı rola nəzər salıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.