MƏDƏNİYYƏT


Avstriyanın dağ-xizək mərkəzlərində qış mövsümü epidemioloji vəziyyətin icazə verdiyi vaxtda start götürəcək

Vyana, 27 noyabr, AZƏRTAC

Bu il Avstriyada dağ-xizək turizmində qış mövsümünə ənənəvi olaraq dekabr ayında start veriləcəyi və ya İtaliya, Almaniya və Fransanın tələb etdiyi kimi Avropa üzrə yanvar ayının sonuna kimi təxirə salınacağı gündəmin əsas mövzularındadır.

AZƏRTAC xəbər verir ki, Avstriyanın turizm sektoru üzrə məsul federal naziri Elizabet Köstinqer yeni mövsümə nə zaman start veriləcəyinə dair suallara aydınlıq gətirib. O bildirib ki, Avstriyanın dağ-xizək mərkəzlərində qış mövsümünə start barədə qərar digər dövlətlərin tələb etdiyi vaxtda deyil, epidemioloji vəziyyətin və ölkədə koronavirusa yoluxma tempinə uyğun olaraq veriləcəkdir. Müxtəlif Avropa ölkələrindən səsləndirilən tələb və çağırışların həlledici olmadığını diqqətə çatdıran nazir Avstriyanın daxili məsələsi olan bu mövzuda qərarı müstəqil verəcəyini də vurğulayıb. Ölkənin əsas dağ-xizək regionlarında həyata keçiriləcək kütləvi testlər, karantin qaydaları və həmçinin turizm mərkəzlərində həyata keçiriləcək tədbirlər qış mövsümünə tədricən start verilməsini mümkün edəcəkdir.

Nazirin sözlərinə görə, Avstriyanın turizm və qastronomiya sektorları qarşıdakı qış mövsümünə ciddi şəkildə hazırlaşıblar və dağlardakı kanatlarda ictimai nəqliyyatdakı qaydalar tətbiq olunacaqdır. Həmçinin qeyd edilib ki, ötən qış mövsümündə Avstriya dağ-xizək mərkəzlərindəki yoluxma halları xizək pistlərində deyil, axşamlar kafe, restoran və barlarda insanların sıxlığı nəticəsində baş vermişdi və məhz bu istiqamətdə məhdudiyyətlərə əməl ediləcəkdir.

Qeyd edilməlidir ki, Avstriya Avropadakı qış idmanı bazarının 70 faizinə nəzarət edir. Alp ölkəsində qış turizminin illik dövriyyəsi 13,3 milyard avroya bərabərdir və qışda Avropanın hər tərəfindən xizək həvəskarları bu ölkəyə üz tuturlar. Dağ-xizək mərkəzləri, otellər, qastronomiya obyektləri, nəqliyyat infrastruktur və digər sahələri özündə birləşdirən bu nəhəng sənayenin bu mövsüm fəaliyyət göstərməməsi Avstriya üçün ciddi maliyyə itkisi və işsizlər ordusu deməkdir. Ona görə də hökumət ən sərt məhdudiyyətlər altında da olsa, qış mövsümünün baş tutmasına çalışır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.