DÜNYA


Avstriyanın ən böyük müxalifət partiyasının sədri siyasi karyerasına son qoyub

Vyana, 8 oktyabr, AZƏRTAC

Avstriyanın ən böyük müxalifət partiyası olan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Xristian Kern tutduğu bütün siyasi vəzifələrdən istefa verib.

AZƏRTAC xəbər verir ki, partiya sədri və ölkənin keçmiş federal kansleri Xristian Kern keçirdiyi mətbuat konfransında fəal siyasi həyatına son qoyduğunu və yenidən iqtisadi sektora geri dönmək fikrində olduğunu bəyan edib. Partiya sədrliyini Pamela Rendi-Vaqnerə təhvil verdikdən sonra Avropa Parlamentinə seçkilərdə partiyasının əsas namizədi olacağı gözlənilsə də, X. Kern gözlənilməz seçim edib. Son həftələrdə partiyası daxilində yetərincə dəstək görməyən keçmiş federal kansler daha uğurlu olduğu sahəyə - iqtisadi idarəçiliyə geri dönmək qərarı verib.

Siyasi dünyagörüşünə görə hələ gəncliyindən sosial-demokrat düşərgəsində yer alan X. Kern 2010-cu ildə Avstriya Federal Dəmir Yollarının İdarə Heyətinə sədr seçildikdən sonra peşəkar idarəçilik qabiliyyəti ilə bu konserni uğurlu və nüfuzlu bir şirkətə çevirməyi bacarmışdı. 2019-cu ilədək şirkətin İdarə Heyətinin sədri seçilməsinə baxmayaraq, 2016-cı ilin may ayında ona təklif edilən SPÖ sədrliyi və bununla da federal kansler vəzifəsini qəbul edib. 2017-ci ilin payızında keçirilən parlament seçkilərində ciddi uğursuzluğa düçar olan SPÖ uzun onilliklərdən sonra hökumətdə iştirakına son qoymağa və müxalifətə keçməyə məcbur oldu. Partiyasının seçkilərdə qalib gələ bilməməsinə görə məsuliyyəti üzərinə götürən X. Kern iqtisadiyyat sektorunda göstərdiyi idarəçilik və böhranlardan uğurla çıxa bilmək keyfiyyətini siyasi arenada gerçəkləşdirə bilmədi.

Jurnalistlərin gələcəkdə hansı sahədə işləyəcəyinə dair sualını cavabsız qoyan X. Kernin yenidən aparıcı şirkətlərdən birinin idarəçiliyində iştirak edəcəyi gözlənilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.