SİYASƏT
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Milli Məclisdə olub
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, vitse-spiker Avstriya nümayəndə heyətinin Azərbaycana səfərinin və burada keçiriləcək görüşlərin səmərəli olacağına inandığını söyləyib.
Görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. O, Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını deyib. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirən baş katib ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
İnfrastruktur layihələrinin vacibliyini vurğulayan Valeh Ələsgərov qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərinə toxunub, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirak edə biləcəyini söyləyib. Parlamentdə birinci oxunuşda qəbul edilmiş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə məlumat verən vitse-spiker bildirib ki, ölkəmizdə yaradılacaq azad iqtisadi zonalarda heç bir vergi tətbiq edilməyəcək, gömrük rüsumu yığılmayacaq. Adıçəkilən qanun üçüncü oxunuşda qəbul edildikdən sonra digər qanunvericilik aktları da bu qanuna uyğunlaşdırılacaq.
Qonaq bildirib ki, azad iqtisadi zonada müştərək müəssisələrin yaradılması maraq doğuran məsələdir. Səfər çərçivəsində Avstriya nümayəndə heyəti Ələtə də gedəcək.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex də iştirak ediblər.