CƏMİYYƏT
Avstriyanın nüfuzlu “Society” jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub
Vyana, 15 dekabr, AZƏRTAC
Avstriyanın nüfuzlu “Society” jurnalının növbəti nömrəsində “Azərbaycan: islahatların yeni mərhələsi” adlı məqalə dərc olunub. Rusiya Federasiyasının Prezidenti yanında İdarəçilik və Dövlət Qulluğu Akademiyasında “Dövlət və bələdiyyə idarəçiliyi” fakültəsinin magistri, həmyerlimiz Şahsultan Həsənovun qələmə aldığı məqalədə Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər təhlil edilib, onların ölkədə aparılan hüquqi və siyasi islahatların genişlənməsinə verəcəyi töhfədən bəhs olunub.
Yazıda qeyd edilir ki, ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan bu il möhtəşəm siyasi hadisənin 25-ci ildönümünü təntənə ilə bayram edib. Əsrlər boyu müstəqil yaşamaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək, təbii sərvətləri üzərində sahiblik haqqını təmin etmək arzusunda olmuş xalqımız bu şərəfli yolda bir çox çətinliklərə mətinliklə sinə gərib. Dövlət müstəqilliyinin ilk illərində xalqımız üzləşdiyi ağır sınaqlardan üzüağ çıxıb.
Məqalədə deyilir: “1993-cü ilin iyun ayında - taleyüklü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə dövləti parçalanmaq, dünya xəritəsindən silinmək, xalqı vətəndaş qarşıdurması təhlükəsindən hifz edərək dayanıqlı inkişaf yoluna çıxarıb.
Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi-siyasi inkişaf yoluna nəzər salan müəllif qeyd edir ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkədəki hüquqi bazada təkmilləşdirilmənin aparılması günün tələbi idi. Qloballaşma dövrünün çağırışlarını nəzərə alan, cəmiyyətin idarəetmə və hüquq sistemlərinin yeni mərhələyə hazırlanmasını, islahatların daha da sürətləndirilməsini vacib sayan Prezident İlham Əliyev xalqın iradəsi əsasında sosial tələbatı əks etdirən əsaslı dəyişikliklərin reallaşdırılmasını təmin edir. Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendum da məhz bu məqsədə xidmət etməklə ölkəmizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Referendumun ilkin nəticələri ölkə iqtidarının yürütdüyü siyasətin növbəti təntənəsi olmaqla yanaşı, ölkədə hüquq normalarının cəmiyyətin hazırkı inkişaf tempinə uyğunlaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaşların konstitusion hüquqlarının daha etibarlı qorunmasına xidmət edir”.
Sonra məqalədə referenduma çıxarılmış əlavə və dəyişikliklər, eləcə də onların mahiyyəti avropalı oxucular üçün şərh edilib. Qeyd edilib ki, ümumən son referendumun nəticəsi olaraq Konstitusiyaya edilmiş 23 dəyişiklik və 6 əlavə mütərəqqi mahiyyəti ilə Azərbaycanın hər bir vətəndaşının maraq və mənafeyinə tamamilə cavab verir. Bu islahatlar cəmiyyətin aparıcı təbəqəsi sayılan gənclər tərəfindən də dəstəklənir, ölkəmizin inkişafı və tərəqqisi baxımından təqdir edilir. “İnanırıq ki, mövcud siyasi kursa ümumxalq etimadının növbəti parlaq təzahürü olan bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizin hərtərəfli yüksəlişi və tərəqqisi naminə gerçəkləşdirdiyi islahatların daha da sürətləndirilməsinə imkan yaradacaq”, -deyə müəllif vurğulayır.
Əsasən ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət mövzularında materialların dərc olunduğu jurnal iki dildə (alman və ingilis) çıxır. Avstriyanın dövlət və hökumət dairələri, bu ölkədəki beynəlxalq təşkilatlar və diplomatik korpus jurnalın əsas abunəçiləri sırasındadır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana