SİYASƏT
Avstriyanın nüfuzlu “Society” jurnalında Bakı Humanitar Forumuna həsr olunmuş məqalə dərc olunmuşdur
Bakı, 21 dekabr (AZƏRTAC). Avstriyanın nüfuzlu “Society” jurnalında AZƏRTAC-ın xüsusi müxbiri Elgün Niftəliyevin Bakı Humanitar Forumuna həsr olunmuş “Humanizm diqqət mərkəzində” adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə Bakı Humanitar Forumu barədə ümumi məlumat verilmiş, yaranma tarixi, həsr olunduğu mövzular, məqsəd və məramı, əhatə dairəsi haqqında vacib məqamlara toxunulmuşdur. Qeyd edilmişdir ki, bu forum Avropa Şurası Nazirlər Konfransı və İslam Əməkdaşlığı Təşkilatının Bakıda keçirilən tədbirlərində meydana gələn Bakı prosesinin məntiqi nəticəsi kimi daimi xarakter alan beynəlxalq bir tədbirə çevrilmişdir. Forumun əsas məqsədi yüksək ranqlı siyasətçi, müxtəlif elm sahələrini təmsil edən Nobel mükafatçıları və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək qloballaşan dünyada həyati əhəmiyyət daşıyan problemlərdən çıxış yolları axtarmaq, fikir mübadiləsi aparmaqdır.
Belə bir beynəlxalq forumun niyə məhz Azərbaycanda baş tutmasının izahı isə Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində söylədiyi fikirlər ilə verilmişdir: iki qitənin və mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşən Azərbaycan tarixən özünü multikultural birgəyaşayış üçün nümunəvi ölkə kimi doğrultmuşdur. Mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu öz milli kimliyini və mədəni irsini qoruyub saxlamaqla yanaşı, ölkədəki fərqli milli azlıq və dinlərin dinc yaşayışını təmin etmiş və qonşuları ilə mehriban münasibətlər qurmağa çalışmışdır.
Məhz buna görə də 1991-ci ildən müstəqilliyini yenidən əldə etmiş bu ölkə geosiyasi baxışların mərkəzində dayanmaqdadır. Azərbaycan, həmçinin öz enerji resursları ilə gələcəkdə Avropanın asılılığını aradan qaldırmağa kömək edə bilər. İqtisadi uğurları ilə yanaşı Azərbaycan bu kimi tədbirlərin təşəbbüskar və təşkilatçısı kimi millətlərarası anlaşma, multikulturalizm və beynəlxalq əməkdaşlığın güclənməsi üçün səylərini artırmaqda maraqlıdır.
Məqalənin sonunda qeyd edilmişdir ki, 700-dən artıq nümayəndənin iştirak etdiyi builki forumda əsas fikirlərdən biri maliyyə və iqtisadi böhran dövründə lokal və beynəlxalq münaqişələrin qarşının alınmasında siyasətçi, iqtisad elitası və digər qərarverici şəxsləri üzərlərinə düşən məsuliyyətə həssas yanaşmağa çağırış olmuşdur.
Məqalədə həmçinin AZƏRTAC tərəfindən təqdim edilmiş fotolar dərc edilmişdir.