DÜNYA


Avstriyanın siyasi tarixində ən böyük qalmaqallardan biri ilə bağlı parlament dinləmələri başlayıb

Vyana, 4 iyun, AZƏRTAC 

Avstriyanın siyasi tarixində ən böyük qalmaqallardan biri olan “İbiza videoları” ilə bağlı parlament dinləmələri başlayıb.

AZƏRTAC xəbər verir ki, Avstriya parlamentində yaradılmış xüsusi komissiya ötən ilin may ayında ölkənin siyasi gündəmində partlayışa səbəb olan, vitse-kansler Haynts-Kristian Ştraxenin istefası və mühafizəkarla sağçı-radikalların koalisiyalı hökumətinin dağılmasına səbəb olan videomaterialları araşdıracaq. Koronavirus pandemiyası ilə əlaqədar bir müddət arxa plana keçən bu qalmaqal ilə bağlı mövcud yeddi saatlıq videomaterial hüquq mühafizə orqanları tərəfindən qiymətləndirilsə də, parlament komissiyası siyasi aspektləri diqqət mərkəzində saxlayacaqdır.

Komissiyanın ilk iclasında videomaterialları ictimailəşdirən araşdırmaçı jurnalistlərlə yanaşı, keçmiş vitse-kansler, Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş sədri Haynts-Kristian Ştraxe və onun yaxın silahdaşı və parlamentdə həmin partiya fraksiyasının rəhbəri Yohann Qudenus ifadə verəcəklər. Bir neçə ay davam edəcək iclaslarda Haynts-Kristian Ştraxenin dövlət strukturları və mühüm vəzifələrə təyinatlar, eləcə də dövlət sifarişləri əsasında baş tutan tenderlərə qeyri-qanuni təsirləri araşdırılacaq.

Qeyd edək ki, Haynts-Kristian Ştraxeni çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə Haynts-Kristian Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.