DÜNYA
Avstriyanın üç federal əyalətlərində kütləvi koronavirus testləri həyata keçiriləcək
Vyana, 26 noyabr, AZƏRTAC
Dekabr ayında Avstriyanın üç federal əyalətində kütləvi şəkildə koronavirus testləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-dən 6-dək Tirol və Forarlberq, dekabrın 12-13-də isə Zaltsburq federal əyalətlərinin əhalisi test ediləcək.
Avstriyanın Federal Kansleri Sebastian Kurts Slovakiya nümunəsi əsasında Avstriyada da kütləvi testlərin keçiriləcəyini elan etsə də, heç də bütün federal əyalətlər bu aksiyaya isti münasibət göstərməyiblər və testlərin Milad bayramı ərəfəsində keçirilməsi qərarlaşdırılıb. Koronavirus pandemiyasının ilk dalğasında yüksək sayda yoluxma halları qeydə alınan üç federal əyalətin rəhbərliyi isə kütləvi testlərin daha erkən keçirməsinin tərəfdarıdır. Bunun əsas səbəblərindən biri də bu regionların dağ-xizək idmanı üzrə ixtisaslaşması və yeni başlayan mövsümdə dağ-xizək mərkəzlərinin fəaliyyətini təmin etmək üçün müvafiq tədbirlərin görülməsidir.
Üç federal əyalətdə keçiriləcək kütləvi testlərlə yanaşı ölkədəki bütün məktəb və uşaq bağçalarının müəllim və təlim-tərbiyəçiləri də test prosesinə cəlb ediləcəklər. S. Kurtsun sözlərinə görə, növbəti mərhələdə həssas infrastrukturda çalışan digər peşə nümayəndələrinin də koronavirus testlərindən keçməsi mümkün ola bilər.
Noyabrın 30-dan etibarən qeyd edilən federal əyalətlərin sakinləri onlayn qeydiyyatdan keçə və təyin olunan vaxt və məkanda antigen testi verə biləcəklər. Bir saat ərzində SMS-lə göndərilən cavab müsbət olarsa, həmin şəxs icbari şəkildə PCR testi verməli olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana