DÜNYA


Avstriyaya qeyri-qanuni daxil olan şəxslərin sayı azalıb

Vyana, 28 iyul, AZƏRTAC

2017-ci ildə Avstriya ərazisinə qeyri-qanuni yolla daxil olan şəxslərin sayı kəskin şəkildə azalaraq, 27753 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, Avstriya Federal Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin yaydığı hesabatda bu göstəricinin 2016-cı ildə 50848 nəfərə bərabər olduğu göstərilib. İnsan alveri və qaçaqmalçılığına görə həbs olunan şəxslərin sayı da 249 nəfərdən 222 nəfərə düşüb.

Hesabatı şərh edən idarənin İnsan alveri və qaçaqmalçılığı bürosunun rəhbəri Qerald Tatzqern bildirib ki, həm qanunvericilikdə aparılan sərtləşdirici islahatlar, həm də Aİ ölkələrinin xarici sərhədlərinin mühafizəsini gücləndirməsi və qaçaqmalçı dəstələrə qarşı mübarizəyə diqqət ayırması statistik göstəricilərə müsbət təsir edib. Bununla belə, cari ilin ilk yarısında saxlanılan qeyri-leqal şəxslərin və həbs edilən qaçaqmalçıların sayının çoxalması cinayətkar dəstələrin Avropaya miqrant axını üçün daima yeni yollar aramasından xəbər verir.

İnsan alveri ilə məşğul olan cinayətkarların əksəriyyətini Avstriya vətəndaşları təşkil edir, sonrakı yerlərdə isə İraq və Türkiyə vətəndaşları gəlir. Avstriya ərazisinə qeyri-qanuni şəkildə daxil olan şəxslərin siyahısında isə Suriya və Əfqanıstan kimi ölkələrin öndə olacağı gözlənilsə də, 2017-ci ildə ilk yerdə Nigeriya dayanıb. Bu isə Afrikadan Avropaya doğru miqrasiya təzyiqinin nə dərəcədə yüksək olduğunu bir daha nümayiş etdirib. Sonrakı yerlərdə Əfqanıstan və Pakistan vətəndaşlarının dayandığı statistikada Suriya vətəndaşlarının sayının azlığı Avstriyada artıq sığınacaq almış qaçqınların qanuni yolla öz ailə üzvlərini bu ölkəyə gətirmək hüququ əldə etmələri ilə izah olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.