REGİONLAR
Avtomobil Yolları Dövlət Agentliyi şimal rayonlarında 700 nəfərədək sakinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Siyəzən, Şabran, Xaçmaz və Qusarda 700 nəfərədək yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək olmaq məqsədilə AAYDA Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır. Sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə - Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.
Vətəndaşlar Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikinsinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.
İşsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.