İQTİSADİYYAT


Avtomobil Yolları Dövlət Agentliyi xarici kredit vəsaiti hesabına bir sıra layihələr reallaşdırıb

Bakı, 22 fevral, AZƏRTAC

2020-ci il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 kilometr), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 kilometr, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki dairəsi hissəsinin və R-57 Şəki dairəsi-Şəki yolunun yenidən qurulması (58,12 kilometr, 2 hərəkət zolaqlı), R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59,8 kilometr, 2 hərəkət zolaqlı) layihələri üzrə işlər davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə deyib.

S.Məmmədov sözügedən layihələrin icrası ilə bağlı bildirib ki, M-2 Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Podratçılar Türkiyənin “Özgun Yapi Senaye ve Ticaret AŞ”, “Polat Yol Yapi Senaye ve Ticaret AŞ” və Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC şirkətləridir. Texniki nəzarətçi isə İtaliyanın “IRD Engineering” şirkətidir. Uzunluğu 130,15 kilometr olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanılıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Həmçinin R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 59,8 kilometr olan II dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanılıb, 2020-ci ilin sentyabr ayında müqavilədə nəzərdə tutulduğundan 5 ay əvvəl başa çatıb.

R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi (2921AZE) çərçivəsində görülür. Uzunluğu 70,5 kilometr olan II texniki dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanıb, 2020-ci noyabr ayında yekunlaşıb.

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidən qurulması və R-57 Şəki dairəsi-Şəki (12 kilometr) avtomobil yolunun bərpası layihəsi Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Yolun uzunluğu 46,12 kilometr olan II texniki dərəcəli və 12 kilometr təşkil edən III dərəcəli hissələrin tikintisi işlərinə 2019-cu ilin mart ayında başlanılıb, ötən ilin noyabr ayında başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.