REGİONLAR
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şirvan və Kürdəmirdə vətəndaşları qəbul edib VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi Şirvan və Kürdəmirdə vətəndaşları qəbul edib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl AAYDA-nın idarə heyətinin sədri və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra “Gənclər evi”ndə keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə AAYDA-nın idarə heyəti sədrinin müavini Əvəz Qocayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətinə baxılıb.
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.