REGİONLAR
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
Bakı, 25 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl S.Məmmədov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.
AAYDA-nın idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ə.Qocayev və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətlərinə baxılıb.
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, dayanacaqların quraşdırılması, piyada səkilərinin tikintisi, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.