İQTİSADİYYAT


“Avtomobil Yolları İnformasiya Sistemi” təqdim olunub

Bakı, 24 may, AZƏRTAC

Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi ilə bu sahədə əldə olunan mühüm nailiyyətlərin, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanının və “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun 2020-ci il 17 fevral tarixli əmri təsdiq edilib.

Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb. Altı aylıq sınaq müddəti ərzində agentliyin aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilib, agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilib.

Sınaq müddətində AYİS sistemində agentliyin aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenklatur işçilər də nəzərə alınmaqla 553 şəxsi istifadəçi kabineti yaradılıb və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb.

Əlavə olaraq, agentliyin aparatının işçi heyətinin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası qoyulub, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılıb.

AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.

Müasir çağırışlara uyğun olaraq, bu gün də agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın gələcəkdə agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulub. Hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.

Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir. Cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub.

Qeyd olunub ki, agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23 nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası yaradılıb.

“Kargüzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və “Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsinin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.