İQTİSADİYYAT
“Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda seminar keçirilib



Bakı, 17 noyabr, AZƏRTAC
Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bu həftə çərçivəsində noyabrın 14-dən 18-dək sahibkarlar üçün müxtəlif mövzularda geniş tədbirlərə start verib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, ilk olaraq Qlobal Sahibkarlıq həftəsi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası “Aztugem” MMC ilə birlikdə “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda seminar təşkil edib.
Seminarı açan ASK-ın baş katibi Kristina Məmmədova dövlət-özəl dialoqunun əhəmiyyəti və konfederasiyanın həftə çərçivəsində hazırladığı tədbirlər barədə məlumat verib. “Aztugem” şirkətinin direktoru Lamiyə Xəlilova “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda iştirakçılara məlumat verib və bu sahədə təklif olunan xidmət paketi, həmçinin yeniliklər haqqında danışıb.
Seminarda çıxış edən ABADA-nın baş katibinin müavini Kənan Qurbanov isə beynəlxalq daşımalarda sertifikatlaşmanın əhəmiyyəti, xüsusən də sürücülərin hazırlanması və bu sahədə sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirib.