CƏMİYYƏT
Avtomobil oğruları saxlanılıb
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 19-da saat 5:00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubişi” markalı avtomobilin oğurlanması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb. Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə gətirilib. Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olduğu müəyyənləşdirilib.
Salyan rayon sakinləri Ağarza Bağırov, Ülvi Xudayev və Qədir Nuriyev nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilindiklərinə görə tutulublar. Onların ətraflarında Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə həmin şəxslərin oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən paytaxt sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın 18-də Masallı rayonu ərazisində tapılıb.
Faktlarla bağlı müvafiq araşdırmalar aparılır.