İQTİSADİYYAT
Avtomobil yolları layihələrinin icra vəziyyəti müzakirə edilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Nəqliyyat Nazirliyində avtomobil yolları layihələrinin icra vəziyyəti ilə bağlı kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kollegiyanın sədri nazir Ziya Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda özünün sürətli inkişaf dövrünü yaşayan ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr həyata keçirildiyini diqqətə çatdırmışdır. Z.Məmmədov bütövlükdə nəqliyyat sektorunda həyata keçirilən bu tədbirlərin ümumi istifadədə olan avtomobil yolları sahəsini daha geniş əhatə etdiyini, mühüm sosial və iqtisadi əhəmiyyət daşıyan avtomobil yolları şəbəkəsində genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını vurğulamışdır.
Sonra nəqliyyat nazirinin müavini Musa Pənahov kollegiyanın gündəliyində duran məsələ ilə bağlı məruzə etmiş, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də yerli və xarici podratçı şirkətlərin rəhbərlərinin çıxışları dinlənilmişdir.
Müzakirələrdən sonra kollegiyanın sədri Z.Məmmədov avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərə, eyni zamanda, bu sahədəki çatışmazlıqlara toxunaraq, bunların ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlı olduğunu bildirmişdir. Kollegiya sədri yüksək səviyyəli avtomobil yollarının mövcudluğunun iqtisadi inkişafı şərtləndirən amillərdən biri olduğunu qeyd edərək, bu sahəyə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, bir sıra layihələrin icra müddətində podratçılar tərəfindən gecikmələrə yol verilir. Bundan başqa, icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarəedilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılmalıdır. Yol istismar idarələri tərəfindən avtomobil yollarının və yol qurğularının cari saxlanış vəziyyətinin lazımi səviyyədə təmin olunmadığını vurğulayan kollegiya sədri infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də ciddi tapşırıqlar vermişdir.
Dövlət proqramları və tədbirlər planlarında yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, o cümlədən Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin inkişafı, həmçinin yol nişanlarının quraşdırılması və onlara xidmət göstərilməsi, o cümlədən ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini qeyd edən kollegiya sədri, bir sıra obyektlərdə görülən işlərin keyfiyyətinin onu qane etmədiyini bildirmiş və həmin sahələrdə təsirli tədbirlər görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə, vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini “Azəryolservis” ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb etmişdir.
Sonda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.