CƏMİYYƏT
Avtomobildə gizlədilən mobil telefonlar və aksesuarları aşkarlanıb
Bakı, 1 mart, AZƏRTAC
Avtomobildə gizlədilən mobil telefonlar və aksesuarları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-211440” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı, nəqliyyat vasitəsinin salonunda sağ ön oturacağın ayaqaltısının alt hissəsində xüsusi düzəldilmiş saxlanc yerində, eləcə də arxa təkərlərində gizlədilmiş 9 ədəd üzərində “X-innova” yazısı olan, 44 ədəd üzərində “Kgtel” yazısı olan, 15 ədəd üzərində “Adscn” yazısı olan mobil telefon, 135 ədəd qidalandırıcı və mobil telefon üçün 135 ədəd qutu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.