CƏMİYYƏT
Avtomobildə gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Avtomobildə gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi “VAZ 21074” markalı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının içində və panelində 5600 ədəd “King” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.