CƏMİYYƏT
Avtomobildə siqaretlər və mobil telefonlar aşkarlanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Opel Vectra" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaret, 18 ədəd müxtəlif markalı telefonlara aid qutular, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "MI A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.