CƏMİYYƏT
Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb
Bakı, 31 yanvar, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilinin şüşəsinin sındırıldığını və içəridən sənədlərinin, bankomat kartlarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılmış tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurladığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.