CƏMİYYƏT
Avtomobildən və ticarət köşkündən oğurluq edən şəxslər tutulub
Bakı, 19 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları quldurluqla və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində “VAZ-2107” markalı avtomobildən içərisində pul və sənədlər olan pulqabını oğurlamaqda şübhəli bilinən C.Hüseynov saxlanılıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayondakı ticarət köşklərinin birində paytaxt sakini M.Quliyevin içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Nəsirov yaxalanıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də E.Orucluya məxsus torpaq sahəsindən metal qırıntılar, borular və yükqaldıran avtokar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.İsgəndərov tutulub.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.