CƏMİYYƏT
Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Tovuz gömrük postunda "Hyundai Veracrus" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı avtomobildən sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1litrlik şüşə qablarda 70 ədəd "Nemirovskaya osobaya", 0.5 litrlik şüşə qablarda 13 ədəd "Nemirovskaya osobaya", 0.5 litrlik şüşə qablarda 49 ədəd "Nemiroff original", 1litrlik şüşə qablarda 5 ədəd "Nemiroff Delicat" və 1 litrlik şüşə qablarda 5 ədəd "Nemiroff Wheat" adlı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.