CƏMİYYƏT
Avtomobillərdən mobil telefonlar oğurlamaqda şübhəli bilinən paytaxt sakini yaxalanıb
Bakı, 6 avqust, AZƏRTAC
Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İsgəndərov rayon polis idarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Aparılmış tədbirlər nəticəsində onun daha altı avtomobildən ümumilikdə altı mobil telefon oğurlaması da müəyyənləşdirilib.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayondakı evlərin birindən 2000 ABŞ dolları və 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov yaxalanıb.
Xətai rayonunda Bakı şəhər sakini T.Qurbanovanın pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şamaxı rayon sakini V.Bağırov rayon polis idarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.