CƏMİYYƏT
Avtomobillərdən oğurluq edənlər saxlanılıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində “KIA” markalı avtomobilinin şüşəsinin sındırıldığını və geyim əşyalarının oğurlandığını bildirib.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rizvan Quliyev və T.Mustafazadə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonunda Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyənləşdirilib. 21-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun “VAZ-2104” markalı avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur İbrahimov yaxalanıb.
Oğurluq etdiyinə görə tutulmuş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurinin ətrafında 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-də Bülbül prospektində Lənkəran rayon sakini E.Həsənzadənin “Daewoo” markalı avtomobilindən mobil telefon oğurladığı da müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.