CƏMİYYƏT
Avtomobillərdən oğurluq edənlər saxlanılıblar
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Quliyevin və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha bir avtomobildən pul və sənəd oğurladıqları məlum olub. Bu şəxslərin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilinin şüşəsini sındıraraq mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.
Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun “Mercedes”, R.Şahverdiyevin isə “KIA” markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci polis bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində dörd avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.